Xocalı rayonunun ərazisində yüzlərlə tanınmış
şəxsiyyətlər yaşamışlar. Burada vaxtilə Xaçın knyazı İ.Həsən (XII-XIII əsrlər), onun ölümündən sonra
Xaçın knyazı olan həyat yoldaşı Dəfnə xatun (XII-XIII əsrlər), görkəmli siyasi və dövlət
xadimi, Xaçın knyazı, Alban hökmdarı Həsən Cəlal Mehrani (1215-1261). Qarabağın bəzi xanları, o cümlədən, Qarabağ xanı, Mehdiqulu xan İbrahimxəlil xan
oğlu Cavanşir (1806-1822), Qarabağ xanı İbrahimxəlil xanın nəvəsi, general-mayor,
“Nəva” təxəllüsü ilə şeirlər yazmış dövrünün görkəmli şəxsiyyəti Cəfərqulu xan Nəva (1783-1864), məşhur şair, xarrat,
musiqişünas Mirzəli
Axundzadə “Aşiq” (1846-1903), görkəmli yazıçı, publisist, dramaturq, tərcüməçi,
müvəkkil, müfəttiş, əməkdar incəsənət xadimi (1928), ictimai xadim Əbdürrəhim bəy Əsədbəy oğlu Haqverdiyev
(1870-1933),
Qarabağın adlı-sanlı tarzənlərindən biri, dövrünün nüfuzlu şəxsiyyəti,
fövqəladə hazırcavablığı ilə şöhrət qazanmış Abbasqulu ağa Nəcəfqulu ağa oğlu Cavanşir (1886-1944), dövrünün görkəmli ziyalısı Kərim bəy Qalabəyov, dövrünün tanınmış şəxsiyyəti Əbrəxan ağa, nüfuzlu, mərd, qorxmaz şəxsiyyətlər - Qaçaq Mahmud, Qaçaq Mürsəqulu, tanınmış Xocalı bəylərindən olan Allahverdi bəy, Səfiyar bəy, Peterburqda təhsil almış və sonralar
repressiya qurbanı olmuş nüfuz sahibi Abdulla bəy Səfiyar bəy oğlu, Qəhrəman bəy,
Cəfər bəy, Camal bəy,
Şükür bəy, Məhəmməd
ağa və başqa tanınmış
hörmətli, nüfuzlu şəxslər yaşamışlar.
Usubovlar
(onlar eramızın əvvəllərində hunların tərkibində Qafqaza gəlmiş türk mənşəli
kəngər tayfasından olan kəngərlilərlə bağlıdır.
Kəngərlilər V əsrdən əsasən Naxçıvan ərazisində yaşamış, Səfəvilər dövründə isə
Ustaclı tayfasının tərkibində ölkənin siyasi həyatında fəal rol oynamışlar), Əbdüləzizovlar, Cəfərovlar, Xələfli tayfası, Nağılar, Əbrəxanovlar, Anaxanımlar tayfası köklü xocalılardır.
Mirzə Məhəmmədxan bəy Cavanşir əslən Xocalı kəndindəndir. O, atası minbaşı
Səlif bəyin ölümündən sonra Cavanşir tayfasının başçısı, bir qədər sonra isə
Şuşanın qalabəyisi (komendantı)
olmuşdur.
İbrahim
xanın vəziri, Qarabağ xanlığında baş mirzə və vəzir olmuş məşhur Qarabağ
tarixçisi Mirzə Camal Məhəmmədxan bəy oğlu Cavanşir 1773-cü ildə Qarabağın Xocalı kəndində doğulub.
1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşa qalasının mühasirə etdiyi zaman,
Mirzə Camal və onun atası Məhəmmədxan bəy İran sərbazlarına qarşı göstərilən
müqavimətdə fəallıq göstərmişlər. 1797-ci ildə İran qoşunlarının Şuşaya ikinci
yürüşü zamanı Ağa Məhəmməd şahın öldürülməsindən sonra İbrahim xan Şuşaya qayıtdıqda
Mirzə Camalı, xidmətlərini nəzərə alaraq həlak olmuş Molla Pənah Vaqifin
əvəzinə vəzir təyin etmişdir. Mirzə Camal fars, ərəb, türk, avar və ləzgi
dillərini də gözəl bilirdi. Onun tarix, astronomiya və coğrafiya haqqında çox
geniş məlumatı olmuşdur. O, tibb elmini gözəl bildiyi üçün istefaya çıxandan
sonra, ömrünün sonuna kimi xəstələri pulsuz müalicə edirdi, bu səbəbdən də onun
xalq arasında böyük nüfuz və hörməti vardı. 1805-ci il “Kürəkçay” sazişi (mayın 14-də general
Sisianovla İbrahim xan arasında imzalanmışdır) bağlanması mərasimində Mirzə Camal da iştirak edib. İbrahim xandan
sonra, Mehdiqulu xanın yanında da Mirzə Camal vəzir vəzifəsində işləmişdir. O,
1847-ci ildə Qarabağ xanlığından bəhs edən “Qarabağ tarixi” əsərini yazmışdır. Əsərdə, Pənahəli xan və
İbrahimxəlil xanın xarici istilaya qarşı apardıqları müharibələr öz əksini
tapmışdır.
Xocalının
dəyərli ziyalısı, Mirzə Camalın oğlu Rzaqulu bəy Vəzirov da “Qarabağnamə” adı ilə salnamə yazaraq, atasının yolunu davam
etdirmişdir. Qarabağ xanı Mehdiqulu xan İbrahimxəlil xan
oğlu (1780-1845),
dövrünün maarifpərvər ziyalısı, “Şuşa tarixi” əsərinin müəllifi Həsən İxfa Əlizadə, 1826-1900-cü illərdə yaşamış dövrünün görkəmli
şairi Həsən bəy Rzaqulu bəy oğlu (Həsən Qara Hadi
Qarabaği) da əslən
Xocalıdandırlar.
Xocalı
torpağı onlarla tanınmış alim, ziyalı, hüquqşünas, həkim, mühəndis və s.
yetirmişdir. XIX əsrdə yaşamış dövrünün böyük nüfuz sahibi, varlı mülkədar Əli
bəy, XIX əsrin sonu – XX
əsrin əvvəllərində yaşamış dövrünün böyük nüfuz sahiblərindən biri, xeyirxah
tacir Bəbir Tağıyev, SSRİ-nin fəxri dəmiryolçusu, Respublikanın əməkdar mühəndisi,
dəmiryolu generalı Tələt Bəbir oğlu Tağıyev, görkəmli ziyalı, Azərbaycanın əməkdar müəllimi,
Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində azərbaycanlılar üçün ilk orta
ümumtəhsil məktəbinin yaradıcısı Əli Yusif oğlu Əliyev, tanınmış ziyalı, fizika-riyaziyyat elmləri
doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki Vidadi
Yusif oğlu Əliyev,
Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordeni və bir neçə digər
medallarla təltif olunmuş, Xocalı rayon
İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, hazırda Azərbaycan
Respublikası Milli Məclisinin deputatı olan Elman Camal oğlu
Məmmədov, Xocalı özünümüdafiə
batalyonun üzvü, müharibə veteranı, hazırda Xocalı rayon İcra
Hakimiyyətinin başçısı vəzifəsində çalışan Şahmar Şahhüseyn oğlu
Usubov, Azərbaycanın Milli
Qəhrəmanı, Xocalı şəhər Hava limanının komandiri olmuş, mayor Əlif
Lətif
oğlu Hacıyev (24.06.1953-26.02.1992), Azərbaycanın Milli Qəhrəmanı, hazırda Şuşa
rayon polis şöbəsinin rəis müavini vəzifəsində çalışan Mövsüm
Şahin oğlu Məmmədov
(1967), Qarabağ savaşında Əsgəran RPŞ-nin əməkdaşı kimi iştirak edərək şücaət
göstərmiş, müharibə veteranı, “İgidliyə görə” medalla təltif olunmuş, hazırda
Xocalı RPŞ-nin rəisi vəzifəsində çalışan, polis polkovniki Eldar Həsən oğlu
Bağırov, Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranı, hazırda Xocalı rayon təhsil
şöbəsinin müdiri Şakir Sabir oğlu Əliyev, respublikanın ziyalı həkimi, Xocalı rayon
xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, “Azərbaycan Bayrağı” ordenli, “Əlif Hacıyev”
mükafatı laureatı Məhəmməd Ağalar oğlu Nağıyev, Turşsu istiqamətində gedən döyüşlərdə
fədakarlıq göstərmiş döyüşçü, Xızı rayon polis şöbəsinin rəisi vəzifəsində
çalışmış, polis polkovniki Yelmar Şahhüseyn oğlu Usubov və
digərləri.
(Ramil Usubov gənc dostları arasında)
Təbii
ki, Xocalının şəxsiyyətləri sırasında Azərbaycan
Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil
İdris oğlu Usubov mütləq xatırlanmalıdır. Ramil Usubov 1948-ci ildə Xocalı
şəhərində anadan olmuşdur. 1970-ci ildən polis orqanlarında çalışan Ramil
Usubov adi milis nəfərindən tutmuş Azərbaycan Respublikasının Daxili İşlər
Naziri vəzifəsinə qədər şərəfli bir yol keçmişdir. Polis Akademiyasının
məzunu, İxtisasca hüquqşünas olan və hər bir azərbaycanlıya atalıq
qayğısı göstərən Ramil Usubov 14 il DQMV-da müxtəlif vəzifələrdə çalışmışdır. Şuşa rayon polis şöbəsində məsul vəzifələr tutan
Ramil Usubov 1980-1984-cü illərdə Vilayət Polis İdarəsinin rəis müavini
vəzifəsində işləmişdir. 1984-1987-ci
illərdə Əli Bayramlı şəhər Daxili İşlər Şöbəsinin rəisi vəzifəsində işləyən vətənpərvər general
Ramil Usubov 1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikasında Daxili İşlər
Naziri, 1989-1993-cü illərdə isə respublika DİN-də Cinayət-Axtarış, Viza və Qeydiyyat
İdarələrinin rəisi olmuşdur. 1993-1994-cü illərdə yenidən Naxçıvan MR-nın
daxili işlər naziri olan Ramil Usubov 1994-cü ilin aprelindən Azərbaycan
Respublikasının Daxili İşlər naziridir. Ümummilli liderimiz Heydər Əliyevin qeyrətli
mənəvi xələfi və bizim üçün o dahi şəxsiyyətin ləyaqət abidəsi olan çox
hörmətli Ramil usubov dövlətinə,
xalqına, millətinə, Prezidentinə və qanunlara sədaqətlə xidmət edən təəssübkeş
Vətən övladıdır.